Hamıya pay verib ömründən bir az. Məndədir, səndədir müəllim ömrü

17. 02. 2017-ci il tarixində məktəbimizin akt zalında kollektivimizin ən dəyərli, hörmətli üzvlərindən biri olan Səmayə Süleymanovanın 70 illik yubileyi qeyd olundu. Tədbirdə Pirallahı rayon ümumtəhsil müəssisələrinin direktorları, elmin və gələcəyin məsuliyyətli, şərəfli ağır yükünü Səmayə müəllimə ilə bərabər uzun illər çiyinlərində daşıyan həmkarları iştirak etdilər. Tədbiri giriş sözü ilə açan məktəbimizin direktoru Mikayılov Şakir ömrünün 45 ildən artıq dövrünü 168 saylı tam orta məktəbdə keçirən yubilyarın originallığa meyilli, işinin öhdəsindən layiqincə gələn pedaqoq, qayğıkeş, fədakar ana, ən yaxşı sirdaş, bütün insani keyfiyyət və bacarıqlara yüksək səviyyədə yiyələnmiş insan, sözün əsl həqiqi mənasında insan olduğunu söylədi. Sözlərinin davamında Ş. Mikayılov onun sadəliyi, qayğıkeşliyi və intellekt səviyyəsi ilə hər zaman həmkarlarının və tələbələrinin sevimlisinə çevrildiyini, elmi çiyinlərində daşımağı özünə mənəvi borc bilən pedaqoq olduğunu vurğuladı. Direktor Səmayə müəlləni 70 illiyi münasibətilə məktəbin bütün pedaqoji-texniki işçi heyəti və şəxsən öz adından səmimi qəlbdən təbrik etdi, can sağlığı, uzun ömür, gördüyü bütün işlərində böyük müvəffəqiyyətlər arzu edərək onu fəxri fərmanla mükafatlandırdı. Təlim tərbiyə işləri üzrə direktor müavini Böyükkişiyeva Kəklik 70 illik keşməkeşli olduğu qədər şərəfli ömür yoluna sahib olan Səmayə müəllimə haqqında öz fikirlərini bölüşdü, onun dərin elmi-pedaqoji biliklərə və mənəvi keyfiyyətlərə sahib olmasından söz açdı. O, Səmayə müəllimənin ustad müəllim olmaqla yanaşı, həm də ictimaiyyətin yüksək dəyər verdiyi, örnək aldığı vəfalı ömür gün yoldaşı, cəfakeş nənə, sevimli qaynana olduğunu bildirdi. Sonra çıxış edən Müəllim Həmkarlar İttifaqının sədri Əhmədov Lətif Səmayə müəllimənin yüksək insani keyfiyyətlərə malik olmasından, mənəvi keyfiyyətləri özünün həyat və düşüncə məramı bilərək onun gənclərimizə ən ideal nümunə olduğunu bildirdi. Gənc nəslin təlim tərbiyəsində göstərdiyi şərəfli, fədakar əməyə görə və 70 illik yubileyi münasibətilə Səmayə müəlliməni Azərbaycan Respublikası Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının təsis etdiyi fəxri fərmanla mükafatlandırdı. Daha sonra çıxış edən həmkarları R. Sevda, A. Sevda, Ş. Təhmiə, M. İradə, Ə. Xırdaxanım və digərləri yubilyarın hərtərəfli inkişaf etmiş pedaqoq olmasından, eyni zamanda bu pedaqoji fəaliyyətlə yanaşı gözəl ailə başçısı, yüksək insani keyfiyyətlərə malik insan olduğundan danışdılar. Səmayə müəllimənin işgüzarlığı, təvazökarlığı, qayğıkeşliyi nəticəsində təkcə şagirdlərinin deyil, bütün məktəb kollektivinin dərin hörmətini qazandığını, rayonumuzun ictimai həyatında hər zaman fəal iştirak etdiyini qeyd etdilər. Tədbirdə iştirak edən məktəb direktorları bu cür möhtəşəm tədbirdə, səmimi, xoş mühitdə olduqlarından məmnuniyyət hissi duyduqlarını xüsusi vurğulayaraq yubilyarı ad günü münasibəti ilə təbrik etdilər, ona uzun ömür, can sağlığı xoşbəxtlik və elmi-pedaqoji fəaliyyətində uğurlar arzuladılar. Sonda çıxış edən Səmayə müəllimə xoş sözlərə görə hər kəsə təşəkkürünü bildirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi