“Xocalı qətliamı uşaqların gözü ilə” adlı rəsm sərgisi keçirildi
Məktəbimizin Tədbirlər Planına uyğun olaraq Xocalı soyqırımının 25-ci ildönümünün yad edilməsi ilə bağlı silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur. Buna əsasən məktəbimizdə Xocalı soyqırımına həsr edilmiş guşə yaradılmış, sinif otaqlarında divar qəzetləri hazırlanmışdır. Bu gün məktəbimizdə Xocalı soyqırımının 25 illiyinə həsr olunmuş “Xocalı qətliamı uşaqların gözü ilə” adlı rəsm və foto sərgisinin açılış mərasimi olmuşdur. Sərgidə dinc əhaliyə qarşı qətliam törətmiş erməni faşistlərinin cinayətləri rəsm və foto-şəkillərlə ifşa edilmişdir. Sərgidə məktəbin direktoru Ş. Mikayılov, direktor müavinləri K. Böyükkişiyeva, S. Rəhimova, rəsm müəllimi G. Həsənova, UBR Z. Abasova və sinif rəhbərləri, şagirdlər iştirak etmişdir. Çəkdikləri rəsm əsərlərində şagirdlər Xocalı ilə bağlı duyğu və hisslərini, erməni qəsbkarlarına qarşı kin-küdurətlərini şəkillər vasitəsilə nümayiş etdirmiş, hərbi vətənpərvərlik mövzusunda fotokompozisiyalar hazırlamışlar. Məktəbin direktoru Şakir müəllim sərgidə öz kreativliyi, qeyri-adi qabiliyyəti ilə fərqlənən istedadlı şagirdləri mükafatlandıraraq bu işdə onlara uğurlar arzuladı. Tədbirin araya-ərsəyə gəlməsində böyük əməyi olan rəsm müəllimi Həsənova Günel Xocalı soyqırımını ilk lentə alanlardan biri, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin qəhrəmanlığından söz açmış, qeyd etmişdir ki, bu gün faciənin dünya ictimaiyyətinə çatdırılması istiqamətində onun lentə aldığı kadrların böyük əhəmiyyəti vardır.