Məktəbəhazırlıq qruplarında məşğələlərə start verilib
Bildiyimiz kimi, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 iyul tarixli 272 nömrəli qərarının icrası barədə” 05 avqust tarixli 549 nömrəli əmrlərinin tələblərinə uyğun olaraq ümumtəhsil məktəblərində məktəbəhazırlıq qrupları təşkil edilir. Oktyabrın 1-də bütün ümumi təhsil məktəblərində olduğu kimi 168 nömrəli tam orta məktəbdə də məktəbəhazırlıq qruplarında 2023-2024-cü tədris ili üzrə ilk məşğələlərə başlanıb. Şagird sayından asılı olaraq məktəbdə 2 hazırlıq qrupu açılıb. Bu qruplardakı şagirdlərlə ixtisasartırma təlimlərində iştirak etmiş ibtidai sinif müəllimləri-İradə Muradova,Pərvanə İsmayılova məşgul olacaq.
Məktəbəhazırlıq qruplarında gün ərzində 3 məşğələ və həftədə 4 gün olmaqla, ümumilikdə 12 məşğələ keçirilməyi planlaşdırılıb. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyənləşdirilib. Qruplarda “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi”, “Fiziki mədəniyyət” məşğələləri keçirilir.
Dövlət ümumi təhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında dərs ili iki yarımilə bölünür. Məktəbəhazırlıq qruplarında məşğələlər 1 oktyabr-31 may dövrünü əhatə edir.