Anım Günü qeyd olunub
Sentyabrın 27-də məktəbin həyətində Anım Günü ilə əlaqədar tədbir təşkil olunub. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanılıb. Qalib Azәrbaycan xalqı vә Müzәffәr Ali Baş Komandanın fəaliyyətindən irəli gələn ideyalara köklənən tədbirdə Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, 27 sentyabr Anım Günü barədə şagirdlərə ətraflı məlumat verilib. Məktəbin direktoru Elnur Bayramov öz çıxışında bildirib ki, Vətən Müharibəsi zamanı haqq və şərəf işimiz olan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirib. Bununla da bizə tarix boyu unutmayacağımız şanlı Qələbəni yaşadıblar. Bu şanlı Qələbəyə gedən yolda canından keçərək əsl qəhrəmanlıq nümunəsi sərgiləyən Vətən övladlarının xatirəsinin yad olunması üçün Prezident İlham Əliyevin Sərəncamı ilə sentyabrın 27-i Azərbaycanda Anım Günü kimi təsis olunduğu şagirdlərin diqqətinə çatdırıb.
Sonda şagirdlər vətənpərvərlik ruhunda olan şeir, mahnı və kompozisiyalarla tədbiri davam etdirib.