Şagirdlərimiz Heydər Əliyev Mərkəzində ekskursiyada oldular
“Beynəlxalq Muzeylər Günü” ilə əlaqədar olaraq mayın 18-də Heydər Əliyev Mərkəzində “Açıq qapı” günü elan edilmişdir. Elə həmin gün məktəbin tarix müəllimi Zeynalova Aygünün rəhbərliyi ilə məktəbimizin müxtəlif siniflərində oxuyan şagirdlərimiz Heydər Əliyev Mərkəzində ekskursiyada oldular. Öz əsrarəngiz, möhtəşəm dizaynı və burada tətbiq olunan yeni texnologiyaları ilə fərqlənən Heydər Əliyev Muzeyi ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirir. Burada şagirdlər Heydər Əliyevin həm Sovet hakimiyyəti dövründə, həm də müstəqillik illərində həyata keçirdiyi fəaliyyət konsepsiyasının müxtəlif aspektlərini virtual formada izlədilər. Ekskursiya üzvləri muzeydə təqdim olunan Heydər Əliyevin hərbi və mülki geyimləri, iş masası, şəxsi əşyaları, müxtəlif illərdə layiq görüldüyü orden və medallar, dünya ölkələrinin rəhbərləri tərəfindən aldığı hədiyyələr, həmçinin nümayiş etdirilən eksponatlarla da əyani şəkildə tanış oldular. Şagirdlər Heydər Əliyev Mərkəzində “Azərbaycan inciləri tarixin axarında”, “Mini Azərbaycan”, Riçard Dikonun “Digər tərəfdən”, Latviya rəssamlarının “Müxtəlif dənizlər”, “Bir dünya” sərgiləri ilə tanış oldular. Daha sonra məktəblilər Heydər Əliyev Mərkəzinin daimi ekspozisiyasında böyük britaniyalı heykəltəraş Aniş Kapurun “Parobolik bükülmə”, yapon rəssamları Yayoi Kusamanın “Sabahın çiçəkləyən gülləri”, Mariko Morinin “Dövrilik - l”, tanınmış rəssam Jaume Plensanın “Avtoportret”, böyük britaniyalı heykəltəraş Toni Kreqqin “Nəzər nöqtələri” əsərlərinin sərgisiylə yaxından tanış olaraq dünyagörüşlərini daha da artırdılar. Onlar sərgi zallarında tarixi, maraqlı faktları və məlumatları interaktiv şəkildə izləyərək bilik dairələrini genişləndirdilər.