“Yaşıl həyət” layihəsi uğurla davam edir

İki ildən artıqdır ki, məktəb-liseydə direktor Şəmsi Qocayevin rəhbərliyi ilə “Yaşıl həyət” layihəsi həyata keçirilir. Layihə çərçivəsində  məktəb-liseyin həyətyanı sahəsi qamışdan və kol-kosdan təmizlənərək meyvə ağacları, bəzək kolları, müxtəlif nadir bitkilər, güllər və sitrus meyvələri əkilib. Təkcə bu il məktəbin hasarı boyunca 200-dən artıq müxtəlif növ ağaclar (söyüd,  Eldar şamı, tozağacı, vələs, badam, nar, heyva, alma, yapon əzgili və. s) əkilmişdir. Əvvəllər heç kimin reallaşacağına inanmadığı layihəyə indi daha çox şagird, müəllim və valideyn dəstək verməyə başlayıb.

Xüsusən məktəb-liseyin adını daşıdığı Milli qəhrəman Faiq Rəfiyevin abidəsi ətrafında, məktəb-liseyin girişində  əkilmiş güllər və bəzək kolları göz oxşayır. Payızın gəlməsinə baxmayaraq güllər hələ də təravətlidir. İndi şagirdlər bu bitkilərə həvəslə qulluq edir, mövzulara uyğun olaraq  biologiya dərsləri məktəbin həyətində keçirilir. İki il ərzində məktəbin həyətində yetişdirilmiş sitrus bitkiləri artıq meyvə verməyə başlayıb.

Son günlər havaların soyuq keçməsini nəzərə alan gənc təbiətçilər həmin bitkilərin soyuqdan qorunması üçün xüsusi istixana tikməyi qərara aldılar. Artıq xüsusi növ qızılgüllər və limon ağacları qoruma altına alınmış oldu. Istixanada həmçinin qiymətli sortlardan olan qızılgül şitilləri də becəriləcəkdir.

İctimai əsaslarla fəaliyyət göstərən “Gənc təbiətçilər” dərnəyinə Şəmsi müəllimin  özü rəhbərlik edir. Dərnək üzvləri ilə bərabər bitkilərə qulluq edən Şəmsi müəllim onlara məsləhət verir, nəinki məktəb ərazisində, yaşadıqları ərazidə də belə yaşıllıqların salınmasında iştirak etmələrini tövsiyə edir. 

Bu layihənin özəlliyi isə onun davamlı olmasıdır. Şəmsi müəllim deyir ki, artıq bu ənənə şəklini almalı və varislik yolu ilə ötürülməlidir. Belə olacağı təqdirdə, Lökbatan qəsəbəsində göz oxşayan bu yaşıllıq uzun illər yaşayacaq və göz oxşayacaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi