Paytaxtımızın tarixi və mədəniyyət abidələrinə ekskursiya

Məktəb-liseyin 3E sinif şagirdləri sinif rəhbərləri Nişanə Xəlilovanın müşayiəti ilə paytaxtımızın tarixi və mədəniyyət abidələrinə ekskursiya ediblər. Ekskursiya çərçivəsində şagirdlər əvvəlcə Dövlət Bayrağı Muzeyini ziyarət edərək Azərbaycanın rəmzləri və bayrağımızın tarixi haqqında ətraflı məlumat alıblar. Daha sonra Xalça Muzeyinə səfər edən məktəblilər burada qədim xalçaçılıq sənətimizin incəlikləri ilə tanış olublar, müxtəlif bölgələrə məxsus xalça nümunələrini maraqla izləyiblər. Ekskursiyanın son dayanacağı isə Bakının simvollarından biri olan Qız Qalası olub. Şagirdlər bu tarixi abidənin sirli və maraqlı tarixini dinləyərək milli irsimizə bir daha yaxından bələd olublar. Belə maarifləndirici səfərlər şagirdlərin biliklərini zənginləşdirməklə yanaşı, onlarda vətənpərvərlik ruhunun aşılanmasında da mühüm rol oynayır.