Bilik günü
Sentyabrın 15-i həmişə olduğu kimi məktəb-liseydə “Bilik günü” qeyd olundu. Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin məsul işçisi Şamama Ağamuradova, sabiq məzunlar, məktəb-liseyin müəllimləri, şagird heyəti, valideynlər və birincilər iştirak edirdilər.
İlk öncə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə məktəb-liseyin direktoru Şəmsi Qocayev çıxış edərək, yeni dərs ilində qarşıya qoyulan məqsədlərdən, təhsil sahəsində aparılan islahatlardan söz açıb, yeni dərs ilinin başlanması münasibətilə təbrik etmiş, onlara gələcək tədris illərində uğurlar diləyərək hər birinin gələcəkdə dövlətimiz, cəmiyyətimiz üçün savadlı və yararlı vətəndaş olaraq yetişmələrini arzulamışdır. Eyni zamanda “Bilik günü”nün Bakı şəhərinin erməni-bolşevik işğalından azad edilməsinin 100 illiyinə təsadüf etdiyini vurğuladı.
Məktəb-liseyin həyətində Azərbaycanın Milli Qəhrəmanı Faiq Rəfiyevin şərəfinə "Faiq Bulağı"nın açılışı oldu və sonra Faiq Rəfiyevin büstünün qarşısına gül dəstələri düzüldü.
Məktəb-liseyə yeni təyin olunan müəllimlər müəllim andı içərək, müəllim şərəfini qoruyacaqlarına söz verdilər.
Sonra söz məktəb-liseyin məzunlarına verildi. Məzunlar qəbul imtahanındakı uğurlarına görə müəllimlərə təşəkkür etdilər və şagirdlərə yeni dərs ilində uğurlar arzuladılar.
Sonda birincilər mahnı,rəqs və şeirlər səsləndirdilər,sülhün rəmzi olan göyərçinləri və şarları səmaya uçurdular.İlk zəng çalındı və şagirdlər sinif otaqlarına daxil oldular.