4-cü sinif şagirdləri üçün monitorinq qiymətləndirməsi təşkil olunub

17.05.2025-ci il tarixdə 166 nömrəli məktəb-liseydə 4-cü sinif şagirdləri üçün monitorinq qiymətləndirməsi təşkil olunub. Azərbaycan Respublikasının Təhsil İnstitutu və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müəyyən etdiyi meyarlara əsasən keçirilən bu qiymətləndirmənin əsas məqsədi ibtidai təhsil pilləsini başa vuran şagirdlərin Azərbaycan dili və Riyaziyyat fənləri üzrə bilik və bacarıqlarını qiymətləndirmək idi. 166 nömrəli məktəb-lisey bu il mərkəz məktəb kimi seçilmişdir. Bu səbəbdən, monitorinq yalnız bu məktəbin deyil, 139, 106 və 331 nömrəli məktəblərin 4-cü sinif şagirdlərinin bir qismini də əhatə edib. Şagirdlər qiymətləndirmədə iştirak etmək üçün 166 nömrəli məktəb-liseyə gələrək tapşırıqları yerinə yetiriblər. Qiymətləndirmə zamanı şagirdlərin oxu-anlama, məntiqi təfəkkür, tətbiqetmə və hesablama bacarıqları yoxlanılıb. Monitorinq prosesi məktəb rəhbərliyinin nəzarəti və müəllim heyətinin dəstəyi ilə yüksək səviyyədə təşkil olunub, iştirakçılar üçün əlverişli və sakit mühit təmin edilib.