Riyaziyyat dərsi poeziya ilə başladı, oyunla davam etdi!

Məktəb-liseyimizin 7A sinifində keçirilən riyaziyyat dərsi bu dəfə həm elmin, həm də ədəbiyyatın vəhdəti ilə yadda qaldı. Riyaziyyat müəllimi Şəlalə Rüstəmovanın təşkil etdiyi dərs Azərbaycanın böyük şairi Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunub. Dərsin əvvəlində şagirdlər dörd komandaya bölünüblər. Komanda adları isə şairin yaradıcılığından ilhamlanaraq “Arzu”, “Xəyal”, “Gülüstan” və “Ürək” adlandırılıb. Hər komanda öz adına uyğun Bəxtiyar Vahabzadənin şeirindən bir parçanı səsləndirərək dərsə poetik bir ruh qatıb. Şeir dolu başlanğıcdan sonra dərs öz rəngarəng axarına keçib. Wordwall proqramı vasitəsilə keçirilən “Çarxıfələk”, “Bingo” və digər oyunlar vasitəsilə şagirdlər xətti funksiya və onun qrafiki, xətti tənliklər sisteminin həlli üsulları, həmçinin tənliklər sisteminin tətbiqi ilə məsələ həlli mövzularını öyrəniblər. Ən maraqlısı isə odur ki, bu interaktiv və yaradıcı dərsə yalnız şagirdlər deyil, izləyici kimi iştirak edən müəllimlər də qoşularaq oyunun bir parçasına çevriliblər. Sinif otağında öyrənmək, paylaşmaq və əylənmək bir arada yaşanıb. Bu dərs sübut etdi ki, fənlər arasında sərhəd yoxdur – riyaziyyat da poeziya qədər duyğulu, poeziya isə riyaziyyat qədər dəqiq ola bilər!