Şən startlar adlı idman yarışı keçirilib

Aprelin 11-də məktəb-liseydə 2-ci sinif şagirdləri arasında “Şən startlar” adlı idman yarışı keçirilib. Yarışın əsas məqsədi məktəblilərdə sağlam həyat tərzini təşviq etmək, fiziki bacarıqları inkişaf etdirmək və komanda ruhunu gücləndirmək olub. Yarışda 4 komanda iştirak edib və onlar müxtəlif estafet oyunlarında bir-birilə yarışaraq çeviklik, sürət və birlik nümayiş etdiriblər. Tədbir boyu idman zalı əsl bayram əhval-ruhiyyəsinə bürünüb. Fasilələr zamanı milli musiqilər səsləndirilib və şagirdlər Azərbaycan milli rəqslərini nümayiş etdiriblər. Bu isə tədbirə milli ruh və coşğu qatıb. Yarışan komandalara isə digər sinif yoldaşları pankartlarla dəstək verərək onları ruhlandırıblar. Bu mənzərə məktəb birliyinin və şagirdlər arasındakı dostluğun gözəl nümunəsinə çevrilib. Sonda qalib komandalar münsiflər heyəti tərəfindən müəyyənləşdirilərək diplom və hədiyyələrlə təltif olunub. Bütün iştirakçılara təşəkkürnamələr təqdim edilib. Bu cür tədbirlər məktəblilərin fiziki inkişafı ilə yanaşı, milli dəyərlərə bağlılığını və sosial bacarıqlarını da gücləndirir.