"Nağıllar aləminə səyahət” adlı ədəbi-bədii tədbir təşkil olunub

Məktəb-liseyin 1A sinfində şagirdlərin fəal iştirakı ilə “Nağıllar aləminə səyahət” adlı ədəbi-bədii tədbir təşkil olunub. Tədbirin əsas məqsədi uşaqlarda mütaliə marağını artırmaq, onların nitq bacarıqlarını və səhnə mədəniyyətini inkişaf etdirmək olub. Tədbirdə “Ağca və cırtdanlar”, “Qoğal”, “Tıq-tıq xanım”, “Qırmızıpapaq”, “Cırtdan”, “Turpun nağılı” və “Göyçək Fatma” kimi sevilən nağılların baş qəhrəmanları səhnələşdirilərək canlandırılıb. Səhnəyə qutunun içindən çıxan, üzərində nağıl qəhrəmanlarının şəkilləri əks olunan şagirdlər öz rollarını böyük həvəslə təqdim ediblər. Hər qəhrəman səhnəyə çıxaraq özünəməxsus xüsusiyyətlərini söyləyib, digər şagirdlər isə bu ipuçlarından həmin qəhrəmanın hansı nağıla aid olduğunu tapmağa çalışıblar. Tədbir boyu nağıl qəhrəmanları müxtəlif rəqslər edib, musiqi nömrələri ilə çıxış ediblər. Şagirdlərin hazırladığı bu maraqlı və rəngarəng səhnəciklər tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb və alqışlarla müşayiət olunub.