Narkotik Bəşəriyyətin Bəlasıdır mövzusunda maarifləndirici tədbir keçirilib

Qaradağ rayonunda yerləşən Məktəb-liseydə “Narkotik Bəşəriyyətin Bəlasıdır” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Qaradağ rayon Gənclər və İdman İdarəsinin sektor müdiri Elçin Abbasov, Qaradağ rayon İcra Hakimiyyətinin Uşaq Hüquqları Komissiyasının katibi Ruslan İsmayılov, Qaradağ rayon Polis İdarəsinin əməkdaşı Atabəy Mənsumzadə, məktəbin direktoru Zeynəb Vəliyeva, müəllimlər və şagirdlər iştirak ediblər. Tədbirin məqsədi gənclər arasında narkotik vasitələrin yaratdığı fəsadlar, bu bəladan qorunma yolları və sağlam həyat tərzinin təbliğ edilməsi olub. Tədbiri açıq elan edən məktəbin direktoru Zeynəb Vəliyeva çıxış edərək, narkomaniyanın təkcə fərdi deyil, eyni zamanda cəmiyyət üçün böyük təhlükə yaratdığını bildirib. O, məktəbin gənclərin düzgün istiqamətləndirilməsi və maarifləndirilməsi istiqamətində daim fəal olduğunu vurğulayıb. Daha sonra Qaradağ rayon Gənclər və İdman İdarəsinin sektor müdiri Elçin Abbasov çıxış edərək narkomaniyanın fiziki və psixoloji fəsadlarından danışıb. O qeyd edib ki, narkotiklər insan orqanizmini məhv etməklə yanaşı, ailələri dağıdır, cinayət hallarının artmasına səbəb olur və cəmiyyətin gələcəyini təhlükə altına alır. Qaradağ rayon İcra Hakimiyyətinin Uşaq Hüquqları Komissiyasının katibi Ruslan İsmayılov narkotiklərin gənclərin hüquqlarına və gələcək karyeralarına vurduğu zərərlərdən bəhs edib. O, ailələrin və təhsil müəssisələrinin bu sahədə maarifləndirici tədbirlərə xüsusi önəm verməli olduğunu vurğulayıb. Qaradağ rayon Polis İdarəsinin əməkdaşı Atabəy Mənsumzadə çıxış edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi, bu cinayətlərə qarşı hüquq-mühafizə orqanlarının apardığı mübarizə və narkotik istifadəsinin hüquqi nəticələri barədə məlumat verib. O, hər bir vətəndaşın bu təhlükəyə qarşı məsuliyyətli yanaşmasının vacibliyini qeyd edib. Tədbir şagirdlərin aktiv iştirakı ilə davam edib. Onlar narkotiklər haqqında suallar verib, mütəxəssislərdən geniş məlumat alıblar. Sonda tədbir iştirakçılarına narkotik vasitələrin fəsadlarını əks etdirən maarifləndirici materiallar paylanıb. Bu kimi tədbirlərin keçirilməsi gənclərin sağlam və təhlükəsiz gələcəyinin təmin olunmasında mühüm rol oynayır. Məktəb rəhbərliyi və tədbir iştirakçıları belə maarifləndirici görüşlərin davamlı olacağını bildirib.