“Pəncərələrin bəzədilməsi” mövzusunda yaradıcılıq müsabiqəsi

Novruz bayramı münasibətilə məktəb-liseydə xüsusi tədbirlər keçirilib. Bayram ab-havasını daha da canlandırmaq məqsədilə valideynlər arasında “Pəncərələrin bəzədilməsi” mövzusunda yaradıcılıq müsabiqəsi təşkil edilib. Müsabiqə çərçivəsində valideynlər məktəbin pəncərələrini Novruzun rəmzləri – səməni, yazın gəlişini simvolizə edən göyərçin, şəkərbura, paxlava, eləcə də bayrama aid naxışlarla bəzəyiblər. Yaradıcılıq nümayiş etdirən valideynlər bayram ənənələrini rəngarəng tərzdə əks etdirməklə məktəb kollektivinə unudulmaz bayram əhval-ruhiyyəsi bəxş ediblər. Tədbirin sonunda münsiflər heyəti ən orijinal və estetik cəhətdən gözoxşayan rəsmləri seçərək qalibləri elan edib. Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıb. Məktəb rəhbərliyi bu təşəbbüsə qoşulan bütün valideynlərə təşəkkürünü bildirərək, onların bayram coşqusuna verdiyi töhfəni yüksək qiymətləndirib. Belə tədbirlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.