Təhlükəsizlik qaydalarını əks etdirən sərgi təşkil edilib
Elm və Təhsil Nazirliyinin təşkilatçılığı, Fövqəladə Hallar Nazirliyinin dəstəyi ilə 166 nömrəli məktəb-liseyin rəhbər heyəti, müəllim və şagird kollektivi üçün fövqəladə hallar zamanı davranış qaydalarına dair maarifləndirmə tədbiri keçirilib. Tədbirdə öncə təhlükəsizlik qaydalarını əks etdirən sərgiyə baxılıb, daha sonra bununla bağlı videoçarxlar nümayiş olunub. "Fövqaladə hallar zamanı özünü necə aparmalı?”, "Fövqaladə hallarla bağlı davranış qaydaları” mövzularında çıxışlar edilib, yanğın təhlükəsizliyi qaydaları haqqında şagirdlərə ətraflı məlumat verilib. Tədbirdə həmçinin ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları da əyani nümayiş etdirilib. FHN əməkdaşları tərəfindən fövqəladə hal anlayışı, təbii fəlakətlər, sel, daşqın, zəlzələ, yanğın təhlükəsizliyi, meşə yanğınları, su hövzələrində insanların təhlükəsizliyi, dəm qazından zəhərlənmənin profilaktikası, "112” qaynar xətti” və s. mövzulardan geniş bəhs edilib. Sonda məktəb şagirdləri və FHN əməkdaşları ilə birgə yanğın zamanı görüləcək tədbirlər əyani nümayiş olunub.