Ağacəkmə aksiyası keçirilib

Məktəb-liseyin 3D sinfi ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ölkədə kütləvi şəkildə keçirilən ağacəkmə aksiyasına qoşulub. Aksiyanın keçirilməsində əsas məqsəd ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük əhəmiyyət vermiş ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, ümummilli liderin yaşıllaşdırma ənənələri irsini davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdən ibarət olub. Belə ki, sinif rəhbəri Güllü Şirinova təbiəti, ağacları qorumağın vacibliyi, eləcə də, Heydər Əliyevin canlı təbiətə verdiyi dəyər haqqında qısa məlumat verdikdən sonra ekologiya üzrə mütəxəssis Dənizə Quliyeva su ehtiyatlarından səmərəli istifadə, onun ədalətli bölgüsü, suvarma qrafikləri üzrə növbəliyə riayət olunması, mütərəqqi suvarma texnologiyalarının tətbiqi, suya qənaət istiqamətində görülən işlər barəsində şagirdlərlə maarifləndirici söhbət aparıb. Şagirdlər məktəbin həyətyanı sahəsində gətirdikləri ağacları səliqə ilə əkərək tinglərin diblərini bərkidib və suvarma işlərini həyata keçirib.