"Rəngli dünya yaradaq"
Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi” çərçivəsində “Rəngli dünya yaradaq!” layihəsinin icrasına başlanılır.Bakı şəhəri 108 № li tam orta məktəbin təsviri incəsənət müəllimi Aybəniz Pənahovanın rəhbəri olduğu “Rəngli dünya yaradaq!” layihəsinin məqsədi istedadlı uşaqların təsviri incəsənətin müxtəlif texnikaları (vitraj, ebru, dekupaj, qum sənəti, akvarel, akril, daş üzərində rəngkarlıq) üzrə yaradıcı qabiliyyətlərini inkişaf etdirmək, uşaqların asudə vaxtını səmərəli keçirmələrinə dəstək olmaq, onların aktivliklərini artırmaq və şagirdləri stimullaşdırmaqla ölkənin yaradıcı potensialının inkişafına dəstək verməkdir.
Layihə çərçivəsində incəsənətin müxtəlif texnikaları olan vitraj, ebru, dekupaj, qum sənəti, akvarel, akril, daş üzərində rəngkarlıq üzrə təlimlər keçiriləcəkdir. Təlimlərdə şagirdlər qeyd olunan texnikaların nəzəri tərəflərini öyrənməklə bərabər praktik olaraq tətbiq edəcəklər. Bununla şagirdlər həm nəzəri biliklərə yiyələcəklər, həm də onlarda bacarıqlar formalaşacaq.4 gün davam edəcək təlimlərdə 40 nəfər uşağın iştirakı nəzərdə tutulub. İlkin diaqnostik qiymətləndirmədən sonra seçilən uşaqlar bacarıqlarının səviyyəsinə görə qruplara bölünərək, sadalanan texnikalar üzrə günlük təlimlərdə iştirak edəcəklər. Sonda layihədə iştirak edən bütün şagirdlər sertifikatla təltif olunacaq. Layihə çərçivəsində keçirilən müsabiqədə hər nominasiya üzrə qalib olan şagirdlərə həvəsləndirici mükafat təqdim olunacaq.
Təlimlər layihə rəhbəri Aybəniz Pənahova tərəfindən keçiriləcək. Aybəniz Pənahova Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının magistrıdır. Elmi tədqiqatı çərçivəsində rəssam Vidadi Nərimanbəyovun yaradıcılığını araşdırmış və rəssamın yaradıcılığından bəhs edən sayt hazırlamışdır http://vidadinerimanbeyov.blogspot.com . Bir çox yerli və beynəlxalq müsabiqələrin iştirakçısı və qalibi olmuşdur. Həmçinin, şagirdləri həm milli, həm də beynəlxalq səviyyədə keçirilən bir çox rəsm müsabiqələrində iştirak edərək, yüksək yerlərə layiq görülmüşdür.
"Rəngli dünya yaradaq" layihəsində iştirak etmək istəyən 12-17 yaşlı istedadlı şagirdlər Rəngli dünya yaradaq adlı facebook səhifəsinə https://www.facebook.com/AybenizPainter/?modal=admin_todo_tour ) daxil olaraq qeydiyyat linkində
(https://forms.gle/9FFWmTpXT1WhKmPL7 )verilən sualları cavablandırmalıdır. Layihədə iştirak edəcək şagirdlərin adları ilkin diaqnostik qiymətləndirmədən sonra elan olunacaq.
Layihə çərçivəsində təlimlər oktyabr ayında Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yerləşən “Nizami tədris mərkəzində” keçiriləcək. Əlavə məlumat üçün Rəngli dünya yaradaq adlı facebook səhifəsinə müraciət edə bilərsiniz.
Layihənin icra müddəti: 01.09.2019-01.12.2019.