Təlim: Qiymətləndirmənin düzgün və effektiv təşkili

Məktəbimizdə müəllimlərin peşəkar inkişafını dəstəkləmək və tədrisin keyfiyyətini yüksəltmək məqsədilə metodist Dəmirovə Gulnarənin təşkilatçılığı ilə “Qiymətləndirmə” mövzusunda təlim keçirilmişdir. Təlimdə əsas məqsəd qiymətləndirmə prosesinin düzgün və effektiv aparılması, qiymətləndirmə meyarlarının düzgün müəyyənləşdirilməsi və şagirdlərə obyektiv, inkişafetdirici rəy verilməsi bacarığının təkmilləşdirilməsi olmuşdur. Təlim müddətində iştirakçılar qiymətləndirmənin növləri, funksiyaları və mərhələləri haqqında nəzəri biliklərlə yanaşı, onların tətbiqi ilə bağlı praktiki bacarıqlarla da tanış olmuşlar. Təlimdə:
Qiymətləndirmənin məqsədi və əhəmiyyəti izah edilmiş,
Müxtəlif fənlər üzrə qiymətləndirmə meyarlarının hazırlanma prinsipləri təqdim olunmuş,
Səmərəli və motivasiyaedici rəyvermə üsulları göstərilmiş,
Praktik tapşırıqlar vasitəsilə qiymətləndirmə meyarlarının tətbiqi üzrə məşğələlər keçirilmişdir.
İştirakçılar öz təcrübələrini bölüşmüş, situasiya üzrə qiymətləndirmə nümunələri hazırlamış və qarşılıqlı fikir mübadiləsi aparmışlar. Təlimin sonunda müəllimlər qiymətləndirmənin təkcə yekun nəticə deyil, həm də öyrənməni dəstəkləyən mühüm bir proses olduğunu bir daha dərk etmiş, bu sahədə bacarıqlarını gücləndirmişlər. Bu kimi təlimlərin davamlı şəkildə keçirilməsi müəllim heyətinin peşəkar inkişafına mühüm töhfə verməklə yanaşı, şagird nailiyyətlərinin də yüksəlməsinə xidmət edir.