Beynəlxalq Rəssamlar Günü qeyd edildi
8 Dekabr– Beynəlxalq Rəssamlar Günü 108 №li məktəbdə təntənəli şəkildə qeyd olundu. Belə ki, bu münasibətlə öncə təsviri incəsənət fənnindən VI "A" sinfində Pənahova Aybəniz müəllimə tərəfindən fəal təlim metodlarına əsaslanan nümunəvi dərs keçirildi. Dərsdə şagirdlərin nəzəri və praktik cəhətdən bilikləri, yaradıcı xüsusiyyətləri üzə çıxarıldı. Daha sonra istedadlı şagirdlərin aşkar edilməsi və potensial imkanlarının inkişaf etdirilməsi məqsədilə təşkil olunan geniş miqyaslı sərgi nümayiş olundu. Sərgidə 50-yə yaxın gənc rəssamın 133 rəsm işi təqdim olundu. Xüsusi qabiliyyətli şagirdlər rəsmlərində müxtəlif texnikalardan–akvarel, quaş, yağlı boya, karandaş, vitraj, tuş və s. məharətlə istifadə etmişdirlər. Sərgidə müxtəlif kompozisiyalarda qurulmuş bir-birindən maraqlı janrlarda təsvir edilən rəsm işləri qonaqlar və məktəb kollektivi tərəfindən rəğbətlə qarşılandı.
Tədbirdə iştirak edən Milli Azərbaycan Tarixi Muzeyinin Xarici əlaqələr və elmi kütləvi iş şöbəsinin aparıcı elmi işçisi, sənətşünaslıq üzrə elmlər doktoru Nardanə Yusifova, Bakı şəhəri üzrə Təhsil İdarəsinin nəzdində Təlimə Dəstək Mərkəzinin təsviri incəsənət və texnologiya fənni üzrə metodisti və qabaqcıl təhsil işçisi Xatirə Xudiyeva, 1972-ci ildən Rəssamlar İttifaqının üzvü, yaradıcılığı müddətində sayını belə söyləməyə çətinlik çəkdiyi rəngkarlıq, batika, qobelen, qrafika və s. janrlarda yüzlərlə əsərlərin müəllifi, görkəmli rəssam Salar Rafiq, 40 illik sənət fəaliyyətində bir-birindən qiymətli sənət əsərləri, onlarla görkəmli şəxslərin portertlərini ustalıqla təsvir edən tanınmış rəssam Əlirza Əliyev şagirdlərin rəsm qabiliyyətlərini, yaradıcı təxəyyüllərinin “məhsullarını” təhlil edib, yüksək qiymətləndirdilər.
Sərgidən sonra təsviri incəsənət müəllimi Pənahova Aybəniz tərəfindən ebru sənətinə həsr olunan ustad dərsi keçirildi. Dərsdə ebru sənətinin tarixi, eləcə də spesifik xüsusiyyətləri izah edilməklə bərabər, praktik olaraq ebru texnikasında rəsmlər hazırlandı. Ebrunun müxtəlif növlərində– battal, çiçəkli, gəl-get, daraqlı, dalğalı və s. nümunələr qonaqların və məktəb kollektivinin nümayişinə təqdim olundu.
Tədbirin sonunda məktəbin direktoru Məmmədova Esmira xanım qonaqlara, rəsm bacarıqları ilə fərqlənən istedadlı şagirdlərə və tədbir iştirakçılarına təşəkkür etdi. Həmçinin belə tədbirlərin davamlı olaraq təşkil ediləcəyini qeyd etdi.