Məktəbəqədər hazırlıq qrupları fəaliyyətə başladı
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 2017-2018-ci dərs ili üzrə məşğələlərə start verildi.Məktəbəhazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması, onlarda müəyyən bilik və bacarıqların formalaşdırılmasıdır.Məktəbəhazırlıq qruplarında dərs deyəcək ibtidai sinif müəllimləri üçün ixtisasartırma təlimləri təşkil olunub. Qeyd edək ki, həftədə 4 gün fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” dərs məşğələləri tədris olunur. Gün ərzində keçirilən 3 məşğələnin hər birinin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyənləşdirilib. Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlar üçün ev tapşırıqları nəzərdə tutulmur. Onlar tədris vəsaitləri ilə dövlət hesabına təmin olunur.Səkkiz ay davam edən məşğələlər mayın 31-də başa çatacaq. Məktəbəhazırlıq qruplarında məşğələlər hər il, bir qayda olaraq, oktyabrın 1-də başlanmalı və mayın 31-də başa çatmalıdır.