İbtidai sinif müəllimləri ilə toplantı keçirildi
20.04.2017-ci il tarixdə məktəbdə direktor Narınc Mehtiyevanın rəhbərliyi altında ibtidai sinif müəllimləri ilə "Əlifba təlimindən sonrakı dövrdə şagirdlərin fəaliyyəti" mövzusunda toplantı keçirildi. Toplantıda iştirak edən birinci sinif müəllimləri siniflərindəki vəziyyət barədə məlumat verdi. Onlar çıxışlarında qeyd etdilər ki, təlimdən sonrakı dövrdə şagirdlərdə müəyyən bacarıqlar formalaşır. Bu bacarıqlar hər bir şagirddə fərdi xüsusiyyətləri nəzərə alsaq müxtəlif səviyyədədir. Bəziləri dinlədiyi mövzuya aid suallar verir və ya cavablandrır, bəziləri danışarkən özünü sərbəst hiss edir, sözləri bütöv tələffüz etməklə cümlələri oxuyur, şeiri intonasiya ilə oxuyur, oxuduğu mətni ardıcıllıqla nəql edir, cümlələri anlaşıqlı qurur. Bununla yanaşı şagirdlər arasında hecalayaraq, bəzən hərfləməklə oxuyan şagirdlər var. Yazı bacarıqlarında da şagirdlərin demək olar ki hamısı hərfləri hüsnxətt normalarına uyğun yazır və bitişdirir. Çox az şagirdlərdə xətt boyunca yazıda bordürdən kənara çıxma halları müşahidə edilir. Bu istiqamətdə valideynlərlə söhbətlər aparılmış, şagirdlərin oxu texnikasını sürətləndirmək üçün onlara kiçik mətnlər, nağıllar oxumaq tövsiyyə edilmişdir.