“Ailəmə minnətdaram”

Məktəbimizdə “Ailəm və məktəbim” layihəsi çərçivəsində bir sıra tədbirlər həyata keçirilir. Ailə hər bir insanın həyatında ən önəmli dəyər və dayaq nöqtəsidir. Bu düşüncədən yola çıxaraq məktəbimizdə 4-cü sinif şagirdləri arasında “Ailəmə minnətdaram” adlı yazı layihəsi həyata keçirildi. Layihənin məqsədi uşaqlarda ailəyə bağlılıq hissini gücləndirmək, minnətdarlıq duyğusunu formalaşdırmaq və yazılı ifadə bacarıqlarını inkişaf etdirmək idi. Layihə çərçivəsində şagirdlər öz ailə üzvlərinə – ata, ana, bacı, qardaş və ya nənə-babalarına ürəkdən gələn təşəkkür məktubları yazdılar. Məktublarda uşaqlar ailələrinin onlar üçün gördüyü qayğı və əziyyətlərə görə minnətdarlıq duyğularını ifadə etdilər. Bəziləri valideynlərinin fədakar əməyindən, digərləri isə ailə daxilindəki birlik və sevgi mühitindən yazaraq duyğularını səmimi şəkildə bölüşdülər. Məktəb rəhbərliyi və müəllimlər bu cür layihələrin uşaqların mənəvi-əxlaqi tərbiyəsində əhəmiyyətli rol oynadığını vurğuladılar. Gələcəkdə də bu tip təşəkkür, sevgi və humanizm dəyərlərinə əsaslanan layihələrin davam etdirilməsi planlaşdırılır.