“Konstitusiya və Suverenlik ili”nin “Son zəng” tədbiri keçirilib

İyunun 14-də paytaxtın ümumtəhsil müəssisələrində məzunlar üçün “Son zəng” çalınıb. “Son zəng”ə həsr olunmuş tədbir Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə də təntənəli şəkildə qeyd olunub. Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Mehriban İsrafilova, məzunlar, valideynlər, ictimaiyyət nümayəndələri, müəllimlər və məzunlar iştirak ediblər.
Məktəbin direktoru Günel Səmədova tədbiri açıq elan edərək, 146 nəfər məzuna gələcək həyatlarında uğurlar diləyib. Günel Səmədova çıxışı zamanı 2024/2025-ci tədris ilində həmin məzunlardan 54 nəfərin 200 baldan yuxarı nəticə əldə etdiyini, həmçinin 18 nəfərin fərqlənmə attestatlarına layiq görüldüyünü bildirib.
Məzunların həyatında yeni mərhələnin açıldığını deyən təlim-tərbiyə işləri üzrə direktor müavini Ülkər İsmayılova onların hər birinin müstəqil Azərbaycanın vətəndaşı olaraq ölkəmizin gələcək inkişafı naminə həyata keçiriləcək proseslərdə fəal iştirak edəcəklərinə inandığını bildirib.
Tədbirdə çıxış edən digər müəllimlər və valideynlər məzunlara bundan sonra qədəm qoyacaqları müstəqil həyatlarında müvəffəqiyyətlər arzulayıb və onlara olan etimadı hər zaman doğrultmağı tövsiyə ediblər.
Məzunların təqdimatında milli-mənəvi dəyərlərimizi və vətənpərvərliyi əks etdirən kompozisiyalar və rəqslər tədbir iştirakçıları tərəfindən maraqla izlənilib.