Psixoloq saatı: Gəncliyin ilk baharı
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeniyetməlik dövrünü 10-19 yaş arasında müəyyən edir. Bu, uşaqlıq və yetkinlik arasındakı keçid dövrüdür. Bu mərhələdə çox vacib bioloji və sosial dəyişmələr baş verir. 10-19 yaş arası kifayət qədər uzun müddətdir və bu dövr insan həyatında əhəmiyyətli rol oynayır.
Bədəndə olan fiziki dəyişikliklərlə yanaşı yeniyetmələrin beyni də inkişaf edir, onların düşünmək bacarığı və emosional inkişafı özünəməxsus surətdə baş verir. Yeniyetmənin beynində olan dəyişikliklər onun davranışına və sosial bacarıqlarına təsir göstərir. O, özünənəzarət və planlaşdırmanı, problemlərin həll edilməsini və qərar qəbul edilməsini öyrənməyə başlayır.
Yeniyetmələr bu yaşda gərginliyə, həyəcana və fəallığa can atırlar. Doğrudan da, gur musiqi, dəhşət kinofilmləri onları daha çox cəlb edir. Ola bilər ki, bəzi yeniyetmələrdə güclü həyəcan və yenilik axtarışları bir o qədər də ifadə olunmasın və həmin hisslər asanlıqla idarə edilir, digərlərində isə bu hisslər çox büruzə verilir və bu hallarda özünü idarə etmək çətin olur.
Bütün bunlar haqqında 9-cu sinif şagirdlərinin maariflənməsi məqsədilə görüş keçirilib. Görüş oğlan və qızlar üçün ayrı-ayrılıqda təşkil olunub. Sonda şagirdləri maraqlandıran suallar Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin psixoloqu Şəfəq Soltanova tərəfindən cavablandırılıb.