“Ağ ölüm”lə mübarizə

Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Xalq folkloru” dərnəyinin rəhbəri Nəzakət Cahangirovanın rəhbərliyi ilə “Ağ ölüm”lə mübarizə mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirin təşkilində əsas məqsəd hər kəsi zərərli vərdişlərdən uzaq olmağa və sağlam həyat tərzi seçməyə çağırmaqdan ibarət olub.
“Narkotik maddələr tələdir, bu tələyə düşənin sonra oradan çıxması çətin olur. Buna görə də narkotiklərdən qorunmağın ən yaxşı yolu ondan heç vaxt istifadə etməməkdir” – deyə aparıcılar vurğulayıblar. Tədbirdə şagirdlər tərəfindən ədəbi-bədii kompozisiyalar nümayiş olunub, onların hazırladıqları səhnəciklər iştirakçılar tərəfindən maraqla izlənilib.
Məktəbin direktoru Cavid Əliyev şagirdlərə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə ciddi riayət etməyin və qapalı məkanlarda tütün tüstüsündən azad mühit yaratmağın hər kəsin vəzifəsi olduğunu bildirib.