"Fövqəladə hallar zamanı davranış qaydaları" mövzusunda seminar keçirilib

Elm və Təhsil Nazirliyinin təşkilatçılığı, Fövqəladə Hallar Nazirliyinin dəstəyi ilə Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə Fövqəladə hallar zamanı davranış qaydalarına dair maarifləndirmə tədbiri keçirilib. Tədbirin keçirilməsində məqsəd suda boğulma, yanğın, dəm qazı, digər fövqəladə hallar zamanı davranış qaydalarına dair bilik və bacarıqların təkmilləşdirilməsi, bu istiqamətdə maarifləndirmə prosesinin fasiləsizliyinin təmin edilməsidir. Tədbirdə Elm və Təhsil, Fövqəladə Hallar nazirliklərinin rəsmi nümayəndələri, məktəbin direktoru Cavid Əliyev, müəllim və şagird kollektivi iştirak ediblər.
Tədbirdə giriş sözü ilə çıxış edən Elm və Təhsil nazirinin müşaviri Rüstəm Ağayev layihənin əhəmiyyətini vurğulayaraq bu istiqamətdə maarifləndirici görüşlərin keçirilməsinin vacibliyini bildirib.
Ardınca Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən suda boğulma, yanğın və dəm qazı ilə əlaqədar təhlükəsizlik qaydaları barədə ətraflı məlumat verilib, sözügedən qaydalara riayət edilməsinin vacibliyi vurğulanıb, həmçinin maarifləndirici videoçarxlar nümayiş olunub. Sonda iştirakçıları maraqlandıran suallara cavab verilib.