“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğununa ekskursiya təşkil olunub

Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə mütəmadi olaraq, öyrənilən obyekt və hadisələrlə birbaşa tanış olmaq, eləcə də tədrisin elmi və praktiki xarakterini artırmaq, onun həyat və təcrübə ilə əlaqəsini gücləndirmək məqsədilə ədəbi-tarixi, elmi, diyarşünaslıq və s. növ ekskursiyalar təşkil olunur. Bu dəfə növbəti diyarşünaslıq ekskursiyası məktəbin təsvri incəsənət müəllimi Lətafət Haqverdiyevanın rəhbərliyi ilə 7c sinif şagirdlərinin “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğununa təşkil olunub. Ekskursiyanın məqsədi yeniyetmələrin doğma Azərbaycanımızın tarixini dərindən bilməsi, coğrafiyasını tanıması, gənclər təşkilatları arasında ünsiyyətin genişləndirilməsi, onların asudə vaxtının səmərəli təşkilidir. Ekskursiya zamanı şagirdlərə dünyanın və Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri Abşeron yarımadasının şimal-şərqində yerləşən Qala kəndi və 2008-ci ildə Heydər Əliyev Fondu tərəfindən Qala Tarix-Etnoqrafiya Qoruğunun ərazisində açıq səma altında yaradılan Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi haqqında məlumat verilib. Bildirilib ki, açıq səma altında olan bu muzeydə 200-dən çox arxeoloji və memarlıq abidələri – qəribə kurqanlar, qədim yaşayış məskənləri, minillik qəbirlər aşkar edilibdir.