"Zəfərdən Zəfərə..." adlı tədbir keçirilib

07.11.2023-cü il tarixdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 08.09.2023-cü il tarixli F- 191 nömrəli əmri ilə təsdiq olunmuş 27 sentyabr - Anım Günü və 8 noyabr - Zəfər Günü ilə bağlı Tədbirlər Planının icrasının 1-ci bəndinin yerinə yetirilməsinin təmin edilməsi üçün məktəbin məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçısı Seyidbalayeva Şəhlanın hazırladığı "Zəfərdən Zəfərə..." adlı tədbir keçirilmişdir. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və şagirdlər, eləcə də Şəhidlərimizin əziz valideynləri - Şəhid Saleh Əliyevin valideynləri - Solmaz və Namiq Əliyevlər, Şəhid Əfqan Nəsirovun valideyni - Kəmalə Nəsirova, Şəhid Nicat Xələfovun valideyni - Dilarə Xələfova, Şəhid Rahim Quliyevin valideyni - Yalçın Quliyev, Şəhid Məhəmməd Şəbiyevin valideyni - Vaqif Şəbiyev, Şəhid İsmayılov Veysin valideyni - Əflatun İsmayılov, qazilərimiz - Cahangir Mədətov, Ülvi Həsənov iştirak edirdilər.
Tədbir Azərbaycan Respublikası Dövlət Himnilə başladı. Ardınca Ulu Öndərimiz Heydər Əliyevin və Şəhidlərimizin əziz və əbədi xatirələri bir dəqiqəlik sükutla yad edildi. Aparıcıların Zəfər Günü ilə bağlı məzmunlu təqdimatlarından sonra tədbir, Şəhla müəllimin quruluş verdiyi vətənpərvərlik mövzusunda səhnəciklə davam etdi. Daha sonra tərtibatı məktəbin musiqi müəllimi Məryəm Qurbanovaya məxsus olan rəngarəng musiqilər xor qrupunun ifasında səsləndirildi. Gözəl rəqs nümunələri tədbirə daha bir gözəllik qatdı.
Vətən müharibəsini əks etdirən videoçarxlar, ölkə Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev cənablarının hər zaman Qələbəmizə inandığını bildirən və bu Qələbənin sübutunu əks etdirən çıxışlarından hazırlanmış videosüjetlər, eləcə də millətimizə,ölkəmizə zəfər sevinci yaşadan Şəhidlərimiz haqqında videosüjetlər nümayiş etdirildi.
Daha sonra ürək sözlərini demək üçün Şəhid ailələri və qazilərə söz verildi. Sonda isə, məktəbin direktoru Yasin Quliyevə söz verildi. Direktor çıxış edərək, tədbir iştirakçılarını Zəfər bayramı münasibətilə təbrik edib, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfərin tariximizə qızıl hərflərlə yazıldığını qeyd edərək, Vətən müharibəsinin dünya hərb elmində həm də “XXI əsrin müharibəsi” adını qazandığını,çətin relyef şəraitində düşmənin onilliklərlə qurduğu mürəkkəb istehkamlar qarşısında müzəffər Azərbaycan Ordusunun əsl peşəkarlıq, məharət, yenilməz əzm nümayiş etdirdiyini və ən əsası Vətənə sonsuz məhəbbətlə uğrunda hər cür fədakarlığa istənilən şəraitdə hazır olduğunu bütün dünyaya isbat etdiyini bildirdi.
Direktor öz çıxışını "Yaşasın Azərbaycan"Vaar olsun Müzəffər Ali Baş Komandan","Yaşasın Azərbaycan xalqı", Yaşasın Rəşadətli Azərbaycan Ordusu" şüarlarıyla bitirdi.