Azərbaycan dili fənni üzrə monitorinq keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2023-2024-cü tədris ilinə dair Fəaliyyət Planında prioritet istiqamətlərdən biri də Azərbaycan dilinin dövlət dili kimi tədrisinə nəzarətin gücləndirilməsidir.
Bu məqsədlə 23 oktyabr 2023-cü il tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ümumi təhsil müəssisələrində monitorinq keçirilib. lV, Vl, Vll və Vlll siniflərdə Azərbaycan dili fənni üzrə yazılı şəkildə bu monitorinqin keçirilməsində məqsəd dövlət dilinin tədrisi vəziyyətinin ölçülməsidir. Şagird nailiyyətlərinin yaxşılaşdırılması, şagirdlərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və təhsilin keyfiyyətinin artırılması istiqamətində tədbirlərin görülməsi ilə bağlı olan bu monitorinq vasitəsilə şagirdlərin dinləyib-anlama, oxu və yazı bacarıqları yoxlanılıb.
Təhsilalanlara 16 tapşırıq təqdim olunub. Sualların cavablandırılması üçün 45 dəqiqə vaxt verilib. Qeyd edək ki, monitorinqin nəticələrinin təhlili ümumi təhsil müəssisələrinə təqdim olunacaq, mövcud problemlərin həlli yolları üçün müvafiq tövsiyələr veriləcək.
Monitorinq sona qədər məktəb rəhbərliyinin nəzarəti altında, şəffaf şəkildə həyata keçirilmişdir.