"27 sentyabr- Anım Günü" ilə əlaqədar tədbir keçirilib

27 Sentyabr Anım Günü ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin "Tədbirlər planı”na uyğun olaraq sentyabrın 27 – də məktəbdə anım günü keçirildi. Tədbir Dövlət himninin səslənməsi və Şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən , Şuşa xəyallarımızı reallaşdıran Şəhidlərimiz ehtiram və hörmətlə anılmış və yad edilmişdir. Məktəbin təşkilatçı müavini Seyidbalayeva Şəhlanın və dil-ədəbiyyat müəllimi Məhərrəmova Fəridənin hazırladığı "Qələbənin ölümsüz qəhrəmanları" adlı bu tədbirdə şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səslənmiş, kompozisiyalar nümayiş etdirilmişdir.
Sonda söz məktəbin direktoru Yasin Quliyevə verilmişdir. Məktəb direktoru əvvəlcə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban xanım Vəliyevanın "Anım Günü"ilə bağlı müraciətini tədbir iştirakçılarının nəzərinə çatdırdı. Daha sonra isə Yasin müəllim öz çıxışında torpaqlarımızı azad edərkən canını vətən uğrunda qurban vermiş Şəhidlərimizin əziz xatirəsini daim uca tutmağı,onları daim ehtiramla yad etməyi şagirdlərimizə bildirmiş ,bu qəhrəman övladların valideynlərinin qarşısında dərin hörmətlə baş əyərək onların Şəhid olmuş balalarının indiki və bundan sonrakı bütün nəsillərə hər zaman örnək olacağını böyük qürur hissilə vurğulamışdır. O, qeyd etmişdir ki, müharibənin qələbə ilə başa çatması Ali Baş Komandan , Prezident İlham Əliyevin uzaqgörən siyasəti, əzmkar qətiyyəti və xalqımızın birliyi, güclü ordumuzun əvəzsiz döyüş taktikaları sayəsində mümkün olmuşdur. Direktor şagirdlərə hər zaman vətənpərvər olmağı, Şəhidlərimizin bizə miras qoyub getdiyi torpaqlarımızı qorumağı tövsiyyə edərək həmişə Şəhidlərimizə borclu olduğumuzu və onları unutmamağı, təkcə anım günlərində deyil, daim xatırlamalı olduğumuzu bildirdi.
Tədbir rəhbər, müəllim heyətinin və bütün şagirdlərin məktəbin həyətində ucaldılmış Şəhidlərin xatirə kompleksinin önünə gül dəstələrinin qoyulması ilə başa çatmışdır.
Allah şəhidlərimizə rəhmət eləsin!