Şəhidimizin anım mərasimi keçirilib

       04.04.2023-cü il tarixdə məktəbimizin məzunu olmuş, Vətən müharibəsi Şəhidi Nəsirov Əfqanın anım tədbiri
keçirildi. Tədbiri məktəbin dil-ədəbiyyat müəllimi Tağıyeva Afət hazırlamışdı.
       Şəhidin adını daşıyan 5 a sinfinin şagirdləri onun həyatı və döyüş yolu haqqında maraqlı məlumatlar verdilər və şeirlər söylədilər. Şəhid analarının və məktəb rəhbərliyinin də iştirak etdiyi bu tədbirin keçirilməsində əsas məqsəd canını Vətən uğrunda fəda etmiş Şəhidlərimizi unutmamaq, daim yad etmək və onları böyüməkdə olan gənc nəslə tanıtdırmaqdır.
       Nəsirov Əfqan Ramil oğlu 29.03.2001-ci ildə Sabunçu rayonu, Zabrat qəsəbəsində anadan olmuşdur. 2018-ci ildə Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən 71 №-li tam orta məktəbi bitirmişdir. 2019-cu ilin iyul ayında həqiqi hərbi xidmətə çağrılmışdır. Vətən müharibəsi başlayanda xidmət etdiyi hərbi hissədən könüllü müharibəyə qatılmış, Füzuli istiqamətində gedən döyüşlərdə iştirak etmişdir.
       20.10.2020-ci ildə Hadrut istiqamətində gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur. 21.10.2020-ci ildə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi  “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
       Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, Füzulinin azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

        Tədbirdə Şəhid anaları, məktəbin müəllimləri, direktor müavinləri çıxış edərək arzularını bildirdilər. Şəhidimizin anası Kəmalə xanım və digər Şəhid anaları məktəb rəhbərinə və müəllimlərə təşəkkürlərini bildirdilər. Sonda məktəbin direktoru Yasin Quliyevə söz verildi. Hər zaman Şəhidlərimiz haqqında qürurla danışan Yasin müəllim bu dəfə də Əfqan Nəsirovun qəhrəmanlığından, Vətənə sevgisindən danışaraq xoşbəxt gələcəyimiz uğrunda ölümün gözünə dik baxaraq canını belə əsirgəməyən bu cür oğullarımızla fəxr etmələrini və onları heç vaxt unutmamağı şagirdlərə tövsiyyə etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi