31 mart Azərbaycanlıların Soyqırımı adlı xüsusi dərs keçirilib

Ermənilərin xalqımıza qarşı törətdiyi 31 Mart soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya yayılması işi Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılmışdır. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədi ilə 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamışdır. Sözügedən Fərmanla martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir.
Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev isə, 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılmasına qərar vermişdir.
Bu günü unutmamaq, şagirdlərin yaddaşında daim xatırlanması üçün məktəbdə silsilə tədbirlər keçirilmişdir. Eləcə də məktəbin tarix müəllimi Solmaz Quliyeva 5 a sinfində xüsusi dərs keçmişdir. Solmaz müəllimə azərbaycanlıların soyqırımının təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirildiyi ilə bağlı şagirdlərə məlumat verib. Bundan sonra şagirdlər hazırladıqları tədqiqat işlərini təqdim ediblər. Şagirdlər təqdimat zamanı hadisələr barədə geniş şəkildə çıxış etdilər.