"31 MART - AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ" ilə bağlı tədbir keçirilib

"31 Mart Soyqırımı" Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisə kimi yaddaşlara həkk olunub. Bununla əlaqədar məktəbin akt zalında tədbir keçirilib. Öncə, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, soyqırım qurbanları bir dəqiqəlik sükutla yad edilib. Tədbir boyunca aparıcılar və məktəbin tarix müəllimləri vəhşiləşmiş erməni-bolşevik dəstələrinin azərbaycanlılara qarşı törətdikləri kütləvi qətllər və soyqırımı aktlarından danışaraq ətraflı məlumat veriblər. Bildirilib ki, 1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar Bakı şəhəri ilə məhdudlaşmamış, Şamaxıda, Qubada, Lənkəranda, Muğan bölgəsi və Dağlıq Qarabağda minlərlə kənd yandırılıb, on minlərlə insan vəhşicəsinə qətlə yetirilib. Daha sonra şagirdlərimizin ifasında mövzu ilə bağlı şeirlər səsləndirilmişdir. Sonda məktəbin direktoru Yasin Quliyev çıxış edərək bu faciənin Azərbaycan müstəqillik əldə etdikdən sonra ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmana əsasən "31 mart Azərbaycanlıların Soyqırımı Günü" kimi qeyd edilməsi ilə bağlı fikirlərini bildirdi və eləcə də qeyd etdi ki, illər, əsrlər ötsə də biz bu və xalqımızın başına gələn digər faciələri unutmamalıyıq, növbəti faciələri yaşamamaq üçün bu hadisələrdən nəticə çıxarmalıyıq.