"SON ZƏNG" TƏDBİRİ

İnsan həyatında unudulmayan, yaddaqalan anlardan biri də "Son zəng" günüdür. Həmin gün uşaqlığının ən çılğın, ən qayğısız vaxtlarını məktəb illərində keçirən şagirdlərin məzun olduğu gündür.
Bu əlamətdar hadisənin qeyd edilməsi məqsədilə 14.06.2021-ci il tarixdə məktəbin XI sinif şagirdlərinin iştirakı ilə "Son zəng" tədbiri keçirilmişdir. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər iştirak etmişlər.
Azərbaycan Respublikasının Dövlət himni ilə başlayan toplantıda Qarabağ müharibəsində qəhrəmancasına şəhid olan igid övladlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Daha sonra şagirdlərin ifasında məktəb illəri ilə bağlı unudulmaz xatirələri əks etdirən şeirlər, mahnılar səsləndirilmişdir. Onbirincilər üçün sonuncu dəfə son zəng çalınmışdır.
XI siniflərin rəhbərləri çıxış edərək, məzunlara uğurlar arzulamış, onlara xoş sözlərini bildirmişlər.
Direktor müavinləri də ürək sözlərini bildirərək, məktəbi bitirən bütün şagirdlərə bundan sonrakı həyat yollarında bol şans diləmiş, hər zaman öz yaxşı əməlləri ilə ucalmağı arzulamışlar.
Sonda məktəbin direktoru Yasin Quliyev çıxış edərək, şagirdlərə öz səmimi arzularını çatdırmış, Vətəni daim sevməyi, onu qorumağı gələcək nəslin ən vacib vəzifəsi hesab edərək müəyyən tövsiyələr vermişdir. Tədbirdəki maraqlı məqamlar iştirakçılarda xoş təəssüratlar yaratmışdır.