28 May - Respublika Gününə həsr olunmuş "İnsanlara hürriyyət, millətlərə istiqlal" adlı onlayn tədbir keçirilib

Məktəbin İllik fəaliyyət planına uyğun olaraq, müstəqil Azərbaycanımızın Azərbaycançılıq ideyalarının təbliği məqsədilə 27.05.2021-ci il tarixdə Microsoft Teams platformasında tarix müəllimi Quliyeva Gülnazın rəhbərliyi ilə tariximizin ən parlaq və şanlı səhifələrindən olan 28 May - Respublika Gününə həsr olunmuş "İnsanlara hürriyyət, millətlərə istiqlal" adlı onlayn tədbir keçirilmişdir.
Azərbaycan Respublikasının Dövlət himni ilə başlayan yığıncaqda məktəb rəhbərliyi və bir sıra müəllimlər iştirak etmişlər. Tədbirdə VIII a, IX e və X c sinif şagirdləri cəmi 23 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət kimi yaranması və onun keçdiyi tarixi yol haqqında ətraflı məlumat vermişlər. Xalqımızın milli mənlik şüurunu özünə qaytaran, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu göstərən AXC-nin üzərinə götürdüyü çətin vəzifələri özündə əks etdirən videomateriallar nümayiş etdirilmişdir. Şagirdlərin ifasında vətənpərvərlik, azadlıq mövzusunda bədii parçalar səsləndirilmişdir. Tədbirdə, eləcə də XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan müasir müstəqil Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyevin gördüyü qətiyyətli tədbirlər, apardığı uzaqgörən siyasət və bu gün də bu siyasətin layiqli davamçısı Prezident İlham Əliyevin dövlətçiliyimizin qorunub saxlanması yolunda gördüyü işlər vurğulanmışdır.
Sonda məktəb rəhbərliyi "28 May - Respublika Günü" münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, bu tarixi günün mühüm əhəmiyyətindən danışmış, Azərbaycanın daim var olması uğrunda möhtərəm Prezidentimizin ətrafında birlik nümayiş etdirilməsinin vacibliyini söyləmişdir.