Bu gün 9 May - faşizm üzərində Qələbə günüdür

08 may 2021-ci il tarixdə Microsoft Teams platforması üzərindən məktəbin dil-ədəbiyyat müəllimi Alməmmədova Lamiyənin təşkilatçılığı və 5 Ç sinif şagirdlərinin iştirakı ilə 9 May - Qələbə Gününün 76-cı ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Yığıncaqda məktəb rəhbərliyi də iştirak etmişdir.
Şagirdlərin ifasında Azərbaycan xalqının İkinci Dünya müharibəsində göstərdiyi qəhrəmanlıq nümunələri haqqında şeirlər səsləndirilmiş, 600 mindən çox oğul və qızlarımızın amansız düşmənlə döyüşlərdə göstərdikləri misilsiz şücaət və igidlik, arxa cəbhədə çalışanların isə əmək rəşadəti haqqında məlumatlar verilmişdir. Müharibənin uğurla aparılması üçün ən mühüm amillərdən biri olan Azərbaycan neftinin əhəmiyyətli rolu xüsusi vurğulanmışdır. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, eləcə də, bu ada layiq görülən İsrafil Məmmədov, Mehdi Hüseynzadə, Gəray Əsədov, Qafur Məmmədov və başqalarının həyat və döyüş yoluna qısa nəzər salınmışdır. Mehdi Hüseynzadənin igidliklərinə həsr olunmuş "Uzaq sahillərdə" filmindən fraqmentlər nümayiş olunmuşdur. Vaxtilə Ulu Öndər Heydər Əliyevin müharibə veteranları və onların ailələrinə göstərdiyi diqqət və qayğının bu gün də Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi təqdir olunmuşdur.