“Xocalı-qan yaddaşımızdır”
Vətənimizin hər yerində olduğu kimi Xocalı soyqırımının 27-ci ildönümü Bakı şəhəri Sabunçu rayonu 69 nömrəli tam orta məktəbdə böyük hüznlə qeyd olundu.
Tarixə qanla yazılmış bu faciə müəllim və şagirdlər tərəfindən hörmətlə anıldı. Bir həftə boyu siniflərdə silsilə tədbirlər keçirilib. “Xocalı-Əsrin faciəsidir” mövzusunda inşa yazı müsabiqəsi, X-XI sinif şagirdləri ilə birgə “Xocalıya gedən yol” mövzusunda dəyirmi masa keçirildi. Rəsm sərgisi keçirilmiş, şagirdlər Xocalı hadisələrinin səbəbkarlarına öz nifrətlərini məhz çəkdikləri şəkillərdə canlandırmışlar. Divar qəzetləri, stendlər faciəyə həsr edilmişdir.
25 fevral tarixində başda ibtidai siniflər üzrə təlim-tərbiyə işləri üzrə direktor müavini Aida Əliyeva və məktəbin uşaq birliyi rəhbəri Samirə Həsənovanın rəhbərliyi ilə ibtidai sinif şagirdləri “Ana harayı” abidəsini ziyarət etmiş, şeirlərini məhz faciə qurbanlarına həsr etmişlər. Ziyarətdə həmçinin ibtidai sinif müəllimləri də fəal iştirak etmişlər.
26 fevral tarixində ilk dərslər Xocalı hadisələrinə həsr olunmuş, şagirdlər “Xoca”, “Dolu”, “Fəryad” filmlərini və digər videogörüntüləri izlədilər və baş verən faciənin şahidlərinin söhbətləri dinlədilər. Fasilələrdə “Xocalının dünəni, bu günü” haqqında məktəbin direktoru Taleh Şahbazov məlumatlar vermiş, günboyu şəhidlərin xatirəsinə bəstələnmiş həzin musiqi sədaları dinlənilmiş, siniflərdə bayraqlar endirilərək şəhidlər bir dəqiqəlik sükutla yad edilmişdir.
Məktəb üzrə “Xocalı-qan yaddaşımızdır” mövzusunda tədbir keçirilmiş, bir qrup müəllimlər “Ana harayı” abidəsini ziyarət etmişlər.
Şagirdlər “Xocalıya ədalət” şüarını səsləndirərək dünya ictimaiyyətinin diqqətini bu faciəyə yönəltmək istəmişlər.