Xocalı şəhidləri yad edilib
Xocalı faciəsinin 33-cü ildönümü ilə əlaqədar Azərbaycan və rus bölməsi üzrə IX siniflərdə məktəb rəhbərliyin iştirakı ilə xüsusi dərs təşkil olunub. Dərsdə ilk öncə soyqırım qurbanlarının, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra tarix müəllimi Lalə Babayeva şagirdlərə Xocalı faciəsi haqqında məlumat verərək qeyd etdi ki, Azərbaycan xalqına qarşı törədilmiş bu soyqırım qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktı, insanlığa yönəldilmiş qatı bir cinayətdir. Daha sonra rus bölməsi üzrə tarix müəllimi Usubov Usub çıxış edərək soyqırımla bağlı fikirlərini bölüşüb. O bildirib ki, Xocalı həqiqətlərinin dünyaya və beynəlxalq aləmə çatdırılması, eləcə də bu soyqırıma obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq addımlar atılıb və biz bu həqiqətləri heç zaman unutmamalıyıq.Sonda şagirdlərə Xocalı faciəsinə həsr olunmuş sənədli film nümayiş etdirilib.