Layihə dərsi - Frazeoloji birləşmələr
21 Fevral Beynəlxalq Ana Dili Günüdür. Bu günlə bağlı məktəbimizdə Azərbaycan dili və ədəbiyyat müəllimi Günel Zeynalovanın 9B sinfində rus bölməsində Azərbaycan dilindən (dövlət dilindən) "Frazeoloji birləşmələr" mövzusunda layihə-dərsi təşkil olunub. Əsas məqsəd şagirdlərimizin nitqində söz ehtiyatlarının zənginləşdirilməsi, şifahi nitq bacarıqlarının formalaşdırılması, eləcə də ədəbi dil normalarına əməl etməyin vacibliyini önə çəkmək idi.
Layihədə şagirdlərin apardığı araşdırmalarda frazeoloji birləşmələrin qarşılığı (antonimliyi, sinonimliyi, omonimliyi ) səsləndirilərək lüğət tərkibimizin zənginliyi vurğulanıb.
Millətimizin maddi və mədəni irsini - Ana dilimizi qorumaq hər birimizin vətəndaşlıq borcudur. Ana dili hər kəsin mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır.
Dərsdə məktəb rəhbərliyi də iştirak edib.