“Mən tolerantlığı necə başa düşürəm” mövzusunda tədbir keçirildi

55 №-li tam orta məktəbdə məktəbin yuxarı sinif şagirdləri, kitabxana işçiləri, coğrafiya müəllimləri Hacıyeva Gülsüm, Dəmirçiyeva Esmira, tarix müəllimləri İsmayılova Ülviyyə, Zaidova Ülviyyə ilə birgə “Beynəlxalq Tolerantlıq günü” ilə bağlı “Dəyirmi masa” keçirildi. Beynəlxalq Tolerantlıq günü 1995-ci ildə YUNESKO 50 illiyi münasibəti ilə təsis edilib. “Mən tolerantlığı necə başa düşürəm” mövzusunda sinif təşkilat saatlarında söhbətlər aparılmış, yuxarı sinif şagirdləri referatlar hazırlayıb sinif rəhbərlərinə təqdim etmişlər. İnformatika dərslərində informatika müəllimləri Fərzullayeva Elmira (8b), Əzimova Sevinc(10a) sinif şagirdləri ilə birgə “Mən tolerantlığı necə başa düşürəm” mövzusunda esse hazırlamışlar. Şagirdlər ulu öndər Heydər Əliyevin ölkəmizdə tolerantlığın qorunub saxlanması istiqamətində həyata keçirdiyi tədbirlər haqqında geniş məlumat hazırlayıb təqdim etdilər. H.Əliyev demişdir: “Azərbaycan indi dünyanın nadir ölkələrindəndir ki, burada bütün millətlər, bütün xalqlar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Ölkəmizdə dini və milli dözümlülük, tolerantlıq yüksək səviyyədədir.” Tarix müəllimi İsmayılova Ülviyyə şagirdlərə söylədi ki, Prezident İlham Əliyev Bakıda keçirilən “Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru” beynəlxalq konfransda da bir daha bəyan edib ki, dünyada sülhün, əmin-amanlığın təminedilməsi, asayişin qorunması üçün mütləq dinlərarası münasibət gücləndirilməlidir.Coğrafiya müəllimi Hacıyeva Gülsüm bildirdi ki, dövlətin gücünü əhalinin çoxmillətli olmasında, müxtəlif dinlərin, mədəniyyətlərin və sivilizasiyaların birgə yaşayışında görən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bütün dünyaya göstərir ki, tolerantlıq Azərbaycan xalqının ruhundadır. Bu bəşəri dəyərin qorunmasının vacibliyini qeyd etdi. Məktəbimizdə şagirdlərimiz bu istiqamətdə tərbiyə olunurlar.