Düzgün düşünmək üçün sağlam olmaq lazımdır

Məktəbimizdə “Sağlam həyat tərzi” layihəsi çərçivəsində maarifləndirici təlimlər davam edir. “Düzgün düşünmək üçün sağlam olmaq lazımdır” adlı təlimdə məktəbin həkimi Lətifə Səfərova çıxış edərək belə təlimlərin keçirilməsinin şagirdlərin sağlam həyat tərzi haqqında yeni biliklər əldə etməsi və maarifləndirilməsi üçün böyük rol oynadığını bildirdi.Təlimdə şagirdlərdən Hüseynzadə Aydan “İdman sağlamlığın rəhnidir”, Baxşəliyeva Aytən “Bir incə saflığı varsa da suda, artıq içiləndə dərd verir su da”, Hümbətov Murad “ Gigiyenik qaydalara düzgün əməl edək” mövzusunda təqdimatlarını nümayiş etdirdilər. Şagirdlər slaydların göstərilməsi ilə düzgün qidalanma, təmizliyə riayət etmə, müxtəlif xəstəliklərdən qorunma, gigiyena qaydaları kimi vacib mövzular barədə geniş informasiya verdilər. Sonra təlim iştirakçılarının qarşısına maraqlı bir sual qoyuldu: “Ev yeməkləri”, yoxsa “fast-food”. İştirakçılar müzakirədən sonra belə qərara gəldilər ki, "fast-food" yeməkləri gündəlik həyatımızın sevimli yeməyinə çevrilsə də, ondan istifadə etmək müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Ona görə də qida rasionumuza həmişə diqqət yetirməliyik. Şagirdlər bu təlimlərin onlar üçün faydalı olduğunu qeyd etdilər və sağlam gəncliyin formalaşmasına bir töhfə olduğunu vurğuladılar. Sonda mövzu ilə əlaqədar şagirdlərin sualları cavablandırıldı.