“Bədii ədəbiyyat kinoda, musiqidə” mövzusunda “Açıq dərs”

24.05.2017-ci il tarixində Azərbaycan dili və ədəbiyyat müəllimi Rəsmiyyə Kərimovanın 9a sinfində “Bədii ədəbiyyat kinoda, musiqidə” mövzusunda “Açıq dərs”i təşkil olundu. Şagirdlər “Bədii əsərlər incəsənətin digər sahələrində öz əksini necə tapır?” təqdqiqat sualı üzərində araşdırmalar aparmışdılar. Dərsdə şagirdlər layihə işinin təqdimatını həyata keçirdilər. Layihə işini müəllimin tövsiyəsi və bələdçiliyi ilə hazırlamışdılar. Şagirdlər bir həftə ərzində araşdırmalar aparmış və bədii ədəbiyyatın musiqi və kinoda olan əksini, eyni zamanda onların inkişafına göstərdiyi təsiri əyani şəkildə nümayiş etdirdilər. Belə ki kiçik ədəbiyyat nümunəsi sayılan bayatılardan tutmuş iri həcmli “Leyli və Məcnun” poemasının, “Koroğlu”, “Aşıq Qərib”, “Əsli və Kərəm”, “Şah İsmayıl” və başqa dastanların opera sənətində necə canlandırıldığını, hətta kiçik həcmli lirik şeirlərin musiqinin notlarında bir şedevrə çevrildiyini sübut etdilər. Şagirdlərimiz kino sənətinə baş vuraraq “Nəsimi”, “Gözlə məni”, “Axırıncı aşırım”, “Böyük dayaq”, “Keçən ilin son gecəsi” filmlərinin haradan qaynaqlandığını dəqiq araşdırma ilə ortaya çıxardılar. Son zamanlar Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə Qurban Səidin “Əli və Nino” romanı əsasında çəkilən “Əli və Nino” filmi haqqında topladıqları geniş məlumatı onları dinləyənlərə təqdim etdilər. Dərs şagirdlərin bədii ədəbiyyatın incəsənətin digər növlərinə təsirini, onların birbaşa bədii ədəbiyyatdan qaynaqlandığını isbat etməklə yekunlaşdı.