Milli Azərbaycan Tarixi Muzeyində

24.05.2017-ci il tarixində məktəbin tarix müəllimi Zümrüd Həsənquliyeva və onuncu sinif şagirdləri AMEA Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Xalq Cümhuriyyətinin 99-cu ildönümünə həsr edilmiş “Açıq dərs “ keçirdilər. Bütün Şərq və Türk-İslam dünyasında ilk demokratik, parlamentli respublika olan AXC iki il ərzində dövlət quruculuğu sahəsində əzmlə mübarizə apardı. Milli quruculuq sahəsində, dilimizin, mədəniyyətimizin, milli iqtisadiyyatımızın inkişafında, müstəqilliyimizin dünya dövlətləri tərəfindən tanınmasında böyük işlər gördü. Şagirdlər AXC-nin yaranması, fəaliyyəti, bu dövlətin yaradıcıları olan M.Ə.Rəsulzadə, Ə.Topçubaşov, F.X.Xoyski, C.Hacıbəyli, N.Yusifbəyli, S.Mehmandarov, Ə.Şıxlinski və başqaları haqqında geniş məlumat verdilər. Ulu öndər Heydər Əliyevin AXC-nin şərəfinə 28 may tarixini Respublika Günü elan etməsi, prezidentimiz İlham Əliyevin AXC-nin 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi ilə əlaqədar sərəncam verməsi haqqında söhbət açıldı. Sonda şagirdlər muzeyin otaqlarını gəzərək tariximizin müxtəlif dövrlərini əks etdirən eksponatlarla tanış oldular.