"Musiqi ruhun qidasıdır" adlı maarifləndirici bilik yarışması keçirildi

03.05.2023-cü il tarixində musiqi müəllimi İradə Mustafayevanın təşkilatçılığı ilə 7"A", 7"B", 7"C" sinif şagirdləri arasında "Musiqi ruhun qidasıdır" adlı maarifləndirici bilik yarışması keçirildi. Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səslənməsi ilə başlandı. Vətən uğrunda canlarını qurban verən şəhidlərimiz 1 dəqiqəlik sükutla yad edildi. Musiqi yarışmasını "Şüştər", "Rast", "Segah" adlı 3 komanda təmsil edirdi. I və II turda komandalara xalq mahnılarından, Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərindən suallar verildi. III turun sualları Ulu Öndər Heydər Əliyevin sevdiyi mahnıları əhatə edirdi. Fasilə zamanı 7"B" sinif şagirdi Nuray Cahangirova bəstəkar Ələkbər Tağıyevin "Ay mənim Arzu qızım" mahnısını rəqs edərək iştirakçılara təqdim etdi. Münsiflər heyəti tərəfindən komandaların cavabları hesablanaraq yerlər müəyyənləşdirildi. "Şüştər" komandası I yerə layiq görüldü. Hər üç komanda hədiyyə və diplomla təltif olundular. Sonda musiqi müəllimi İradə Mustafayeva 8"A" sinif şagirdləri Cavid Həsənli və Hənifə Qurbanəliyeva ilə birlikdə əsgər analarına həsr olunmuş "Azərbaycan əsgəri" mahnısını ifa etdilər.