"Zəfər tarixi" adlı konfrans keçirilib

Məktəbin akt zalında tarix müəllimi Ülviyyə Zaidovanın təşkilatçılığı ilə 9"A", 9"B", 9"C" sinif şagirdləri ilə "Zəfər tarixi" adlı konfrans keçirilib. Konfrans Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Vətən müharibəsi şəhidləri bir dəqiqəlik sükutla yad edilib. 9"C" sinif şagirdi Gülay Əsgərli 44 günlük Vətən müharibəsinin gedişatının "Zəfər tarixi" kitabında ətraflı verilməsi haqqında danışıb. Sonra şagirdlər Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərərək şəhidlik zirvəsinə ucalmış oğullarımız haqqında kitabda yazılan məlumatlar barədə fikirlər söyləyərək şəhidlərimizin tanınması üçün çalışacaqlarını qeyd ediblər. Əslən Ağdam və Cəbrayıl rayonundan olan 9"C" və 9"B" sinif şagirdləri Məmmədov Cavidan və Əliyeva Aytac öz rayonları haqqında eşitdiklərini yoldaşları ilə bölüşüblər. Konfransda 9"A" sinif şagirdi Tapdıqova Ayan 12-13 sentyabr 2022-ci il tarixində baş verən erməni təxribatının da "Zəfər tarixi" kitabına salınmasını və yeni nəşrdə öz əksini tapmasını arzulayıb. Konfransın sonunda 44 günlük müharibənin qələbəsi ilə bağlı videoçarx nümayiş olunub. Videoçarxda Ulu Öndər Heydər Əliyevin Şuşa haqqında səsləndirilən sözləri tədbir iştirakçıları tərəfindən alqışla qarşılanıb.