Bakı şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş inşa müsabiqəsinin Xətai rayonu üzrə müəyyən edilmiş qalibləri mükafatlandırılıb

13.04.2022-ci il tarixində Bakı şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş inşa müsabiqəsinin Xətai rayon turunun yekun nəticələri qeyd olunub. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Sonra Ulu Öndər Heydər Əliyev və şəhidlərimiz yad olunub. Bakı şəhər İcra Hakimiyyətinin məsul işçisi Könül Abbasova, Xətai rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, məktəb rəhbərliyi, rayon üzrə inşa müsabiqəsində qalib olan şagirdlər və digər qonaqlar tədbirdə iştirak ediblər.
Xətai rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov çıxış edərək müsabiqənin qaydaları və məqsədi haqqında məlumat verib. O qeyd edib ki, Xətai rayon məktəbləri üzrə 12 şagird müsabiqədə qalib gələrək yekun turda iştirak edəcək. Yekun turda seçilən şagirdlərin inşaları Bakı şəhər İcra Hakimiyyətinə göndəriləcək. Sonra ilk turda qalib olan hər bir şagird öz inşasını oxuyub.
Tədbirin sonunda Bakı şəhər İcra Hakimiyyətinin məsul işçisi Könül Abbasova qalib şagirdləri təbrik edib və onlara diplomlar təqdim olunub. Qeyd edək ki, qaliblər arasında yer tutan məktəbimizin 7"B" sinif şagirdi Nübar Surxayeva və 8"B" sinif şagirdi Mir-Zəhra Kazımlı yekun turda iştirak edəcəklər.