"Novruz bayramı bədii ədəbiyyatda" adlı tədbir keçirilib

Məktəbin kitabxanasında kitabxanaçı Mehparə Hacıyeva və musiqi müəllimi İradə Mustafayevanın rəhbərliyi ilə 6"A" sinif şagirdləri "Novruz bayramı bədii ədəbiyyatda" adlı tədbir keçirib. Azərbaycan xalqının milli-mənəvi, maddi və mədəni dəyərlərini gənc nəslə daha yaxından tanıtmaq və təbliğ etmək məqsədilə keçirilən tədbirdə Novruz bayramının tarixi köklərinin çox qədimə dayandığını və mədəniyyətimizi, milli-mənəvi dəyərlərimizi özündə əks etdirən, dünyaya tanıtdıran qədim bayramlardan olduğu bildirilib. Novruzun sülh və əmin-amanlığın təmin olunması, insanlar arasında birlik və mehribanlığın nişanəsi olduğu diqqətə çatdırılıb. Tədbirdə Novruz personajları olan Keçəl və Kosanın məzəli oyunları şagirdlər tərəfindən ifa olunub. Sonda şagirdlər baharın təravətli nəfəsini özü ilə gətirən Novruz bayramına aid mahnının sədaları altında yallı gediblər. Qeyd edək ki, tədbirdə Novruz adət-ənənələrinin əks olunduğu kitablardan və şagirdlərin çəkdikləri rəsm, əl işlərindən ibarət güşə hazırlanıb. #baharçələngi