Şagirdlər şəhid Samir Əliyevin ailəsini ziyarət etdilər

Canlarını Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi müəllim və şagirdlərimiz tərəfindən böyük ehtiramla yad edilir. Bu gün məktəbin tərbiyə işləri üzrə direktor müavini Mətanət Əsgərova, ibtidai sinif müəllimi Pərvanə Bayramova, 4b sinif şagirdləri və valideynləri məktəbimizin məzunu, Şəhid Samir Əliyevin ailəsini ziyarət etdilər. Şəhidimizin anası, babası və nənəsi Samirin vətənpərvər olduğunu bildirərək onun həyat hekayəsi ilə bağlı xatirələrini bölüşdülər. Samirin döyüş meydanında necə igidlik göstərdiyindən bəhs edən babanı dinləyən şagirdlərimiz şəhidlərimizi heç vaxt unutmayacaqlarına, onların xatirələrini həmişə yaşadacaqlarına söz verdilər. Sonra şagirdlərimiz şəhidimizin xatirəsinə yaradılmış guşəyə qərənfillər düzdülər.