Mülki Müdafiə günü keçirildi

8 aprel 2016-cı il tarixdə məktəbdə Mülki Müdafiə günü keçirildi. Bununla bağlı olaraq məktəbin hərbi rəhbəri Fərqanə Hüseynova siniflərə daxil olub fövqəladə hadisələr baş verən zaman şagirdlərin necə hərəkət etmələri haqqında məlumat verdi. Məktəbin hərbi rəhbərinin çıxışı şagirdlərin bu sahədə maariflənməsinə bir əsas oldu. Sonra sinif rəhbərləri və fənn müəllimlərinin iştirakı ilə məktəbin I, II, III mərtəbəsindən binanın zirzəmisinə və oradan da məktəbin həyətinə şagirdlərin hərəkəti təşkil olundu. Həyəcan siqnalı zamanı məktəblilərin daldanacaqda, yəni zirzəmidə gizlənmələri məqsədi ilə məktəb üzrə qruplar yaradılmışdır. Məktəb üzrə yaradılan qruplar müəyyən hərəkət xətti ilə zirzəmidə yerləşdirildi. Hər bir qrupda ilk yardıma hazır olan tibbi geyimdə şagirdlər də iştirak edirdi. Həmin şagirdlər müəyyən hadisə zamanı ilk yardım göstərmələri haqqında tam maarifləndirilmişdi. Şagirdlərlə birgə məktəbin həkimi Səfərova Lətifə və tibb bacısı Kərimova Səbinə də iştirak edirdi. Şagirdlər tibbi geyimlər və tibbi ləvazimatlarla dolu olan çantalarla təchiz olunmuşdur. Hər bir qrup sərbəst hərəkətlərlə zirzəmidən çıxaraq məktəbin həyətinə yürüş etdilər. Bu da onu göstərir ki, şagirdlərimiz fövqəladə hadisələr zamanı necə hərəkət edəcəklərinə tam hazırdırlar. Məktəbin müəllim heyəti də şagirdlərlə bərabər yürüşdə fəal iştirak edirdi. Məktəbin şagirdləri siniflər üzrə komanda halında binanın zirzəmisindən məktəbin həyətinə toplaşandan sonra məktəbin həyətində hər bir qrup rəhbəri qısa hesabat verdi. Tibb bacısı geyimində olan şagirdlərimiz əyani olaraq nümunələr göstərdilər. məktəbin direktoru Alı Məmmədov bütün yürüşlərə şəxsən özü nəzarət edirdi. Sonra məktəbin direktoru çıxış edərək bildirdi ki, şagirdlərimizin bu barədə maarifləndirilməsi zəruridir və onların belə hazırlığı çox müsbət haldır. Belə ki, şagirdlərin fövqəladə hadisələr zamanı özlərini xilas etməsi üçün potensial imkanları olar.