Sülh bəşəri rəmzdir
21 sentyabr Beynəlxalq Sülh günüdür. BMT bu günü 1981-ci ildə təsis edib. İlk sülh günü 1981-ci ilin sentyabrında qeyd olunub. O vaxtdan Beynəlxalq Sülh günü sentyabr ayının hər 3-cü çərşənbə axşamı qeyd edilirdi. Lakin 2001-ci ildə Birləşmiş Kralıq tərəfindən təklif olunan qətnamə ilə 2002-ci ildə BMT Sülh günü üçün 21 sentyabr tarixini dəqiq tarix kimi müəyyənləşdirib və bu tarixi ümumdünya atəşkəs günü elan edib.Bu gün 53№-li tam orta məktəbin akt zalında Beynəlxalq Sülh Günü münasibəti ilə " Sülh bəşəri rəmzdir"adlı tədbir keçirildi.Tədbiri məktəbin tərbiyə işləri üzrə direktor müavini Lalə Nəsirova açıq elan etdi. Şagirdləri Beynəlxalq Sülh Günü münasibətilə təbrik etdi. O qeyd etdi ki, bu gün dünyada yüz milyonlarla insanın dərin ürək çırpıntısı, böyük ümid, şirin arzularla təkrar etdiyi müqəddəs bir söz vardır – Sülh! Bu sözün böyük mənası qanlı müharibələrin bütün iztirab və ağırlıqlarını görmüş insanlar üçün əzizdir, qiymətlidir. Dərisinin rəngindən, dini etiqadlarından asılı olmayaraq, yüz milyonlarla insan sülhü qorumaq, yeni qanlı müharibələrin qabağını almaq üçün birləşməlidir. Bu birlik hər yerdə müharibə qızışdıranları ifşa etmək, xalqların əmin-amanlıq içində yaşamasını, dövlətlər arasındakı mübahisəli məsələlərin danışıq yolu, sülh yolu ilə həll olunmasını təmin etmək əzmində olan adamların birliyidir. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavinləri Münəvvər Yusubova və Əminə Həmzəyeva da təbrikə qoşuldu. Azərbaycan və rus bölməsinin dördüncü sinif şagirdləri bu tədbirdə iştirak etdi. Onların mövzu ilə bağlı hazırladığı şeirlər dinlənildi, alqış sədaları altında rəqslərinə baxıldı.